Bildiyimiz kimi, Əfqanıstanda bəzi ordu komandirləri 2021-ci ilin avqustunda Taliban paytaxta nəzarəti ələ alandan və İslam Əmirliyinin qurulduğunu elan etdikdən sonra müxalifətə keçiblər.
Hafta.az-ın Mepanews-a istinadən yazdığına görə, bunların arasında tacik mənşəli Şimal Alyansının keçmiş komponentləri Atta Məhəmməd Nur, Əhməd Məsud və Rəşid Dostum kimi adlar ölkədən qaçaraq yeni rəhbərlik əleyhinə fəaliyyətlər həyata keçirməyə başlayıblar. Ancaq diqqətçəkən odur ki, son vaxtlar müxalifət liderləri arasında böhran yaranıb və onlar problemlər yaşamağa başlayıblar.
Nəhayət, Atta Məhəmməd Nurun digər komandirləri sərt şəkildə tənqid etdiyi səs yazısı mətbuata sızıb. Nur səs yazısında başda Əhməd Məsud və Əmrullah Saleh olmaqla müxalifət nümayəndələrini tənqid edir. Nur belə deyib: "Onlar hər zaman oturub sui-qəsd planı qururlar. Onların sui-qəsdləri Düşənbə və Məşhəddəki ofislərindən onlayn yayımlanır. Bundan başqa, şəhid ailələrinə pul vermək əvəzinə, sui-qəsd hazırlayanlara, söyüş söyənlərə pul verirlər. Onların adamları qadınları şantaj edirlər. Söyüşlə, şantajla insanları ram etmək və onlardan beyət almaq istəyirlər, bu mümkün deyil”.
Nur əlavə edib ki, onların ciblərində ruslarla danışmaq üçün bir cür WhatsApp, amerikalılarla danışmaq üçün ayrı WhatsApp-ları var. Eləcə də Fransada yəhudilərlə danışmaq üçün tamam başqa WhatsApp-ları var. Onlar İran İnqilab Keşikçiləri ilə danışırlar, hətta bəzilərinin Hindistan kəşfiyyatı ilə əlaqələri var.
“Qarşılarına sümük atanda həyəcanlanırlar. Heç nə vermədikdə, Avropada işləyən gənc mühacirlərə müraciət edir, onları aldadırlar və etnik məsələlərdə hislərindən sui-istifadə edib, onlardan pul yığırlar. Sonra adı nə olursa olsun, bu pulları oğurlayırlar və hətta bu pul üstündə dava salıb bir-birinin başını əzirlər. Bu pulun bir hissəsi ticarətə xərclənir. Daha sonra onları reklam etdikləri üçün Düşənbədə həbs edirlər. Onların Düşənbədəki ofisi də adlarının çəkilməməsi üçün polisdən azadlığa buraxılmalarını xahiş edirlər. Bəziləri içki içərkən, bəziləri narkotikdən istifadə edərək, bəziləri fahişəlik üstündə yaxalanır”, - o deyib.
Əhməd Məsud və Emrullah Salehin rəhbərlik etdiyi “Milli Müqavimət Cəbhəsi”nə qarşı ittihamların əfqan diasporunda böyük əks-səda doğurduğu bildirilir.